Xaricdəki azərbaycanlılar Həmrəylik Günü və Yeni İli qeyd ediblər
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib
Diaspora komitəsindən əldə etdiyimiz məlumata görə Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq,Yakaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, “Kaspi” və digər Azərbaycan təşkilatlarının iştirakı ilə bayramla əlaqədar konfrans, dəyirmi masa və seminarlar keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Moldovada da keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik günü Ukraynanın iki şəhərində - Kiyev və Donetskdə geniş qeyd olunub. Kiyevdəki Azərbaycan bazar günü məktəbində peşəkar və gənc artistlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konserti olub. Səhnədə balaca məktəblilərlə yanaşı təcrübəli, artistlər də çıxış ediblər.
Donetskdə isə DAK- ın Ukrayna nümayəndəliyinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və AzTv-nin təşəbbüsü ilə muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti keçirilib. Bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət admnistrasiyası rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycan Xarici işlər nazirliyinin, Ukraynadakı səfirliyimizin və Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı təmsilçiləri, azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland Krallığında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada yaşayan soydaşlarımız tərəfindən bayram tədbirləri təşkil edilib. Berlində “Azərbaycan günü” adlı tədbirdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verərək, bunun dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulayıb. Tədbirdə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlər Almaniyanın Maqdeburq, Köln şəhərlərində də keçirilib. İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti olub. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi konsertdə gənc italyan ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. “Azəri “ Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri olan Nəzakət Nuriyeva iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat verib. Tədbirin sonunda iştirakçılara Azərbaycan şirniyyatı və italiyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar təqdim olunub.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününü İsveçrədə yaşayan azərbaycanlılar da qeyd ediblər. Bazel şəhərində “Azərbaycanın dostları” birliyinin təşəbbüsü ilə keçirilən bayram konsertində azərbaycanlı ifaçılar Mariya Azad Xan-Xoyskaya, Elcan təxəllüslü Elxan Rzayev hamını valeh edən musiqi nömrələri ilə çıxış ediblər. Niderland Krallığında yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli dekabrın 31-də Rotterdam şəhərindəki “Bakı” restoranında azərbaycanlı ifaçıların, o cümlədən Azərbaycanın xalq artistləri İlqar Muradov və Aygün Bəylərin çıxışları nəzərdə tutulmuş konsert proqramı ilə qeyd ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, BƏƏ, Küveytdə də qeyd olunub.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlər ABŞ və Kanada da keçirilib. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə azərbaycan icma təşkilatları Nyu-Yorkda bu tarixi təntənəli şəkildə qeyd ediblər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.
Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” adlı Azərbacan dili məktəbinin təşəbbüsü ilə təşkil olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə məktəbin şagirdləri tərəfindən Azərbaycan haqqında şerlər oxunub, mahnılar ifa edilib.
İsveçin Höteborq şəhərində də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. APA-dan aldığımız məlumata görə tədbir İsveçin Höteborq şəhərində fəaliyyət göstərən “Qarabağ Azərbaycan” Kültür Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Şənlikdə İsveçin Höteborq şəhərində yaşayan azərbaycanlı ailələr iştirak edib. Əllərində milli bayraqları ilə rəqs edən uşaqlar Vətənə və millətə aid şeirlər, mahnılar oxuyublar. Tədbirdə milli rəqslər, Azərbaycanın möhtəşəm gələcəyinə aid çıxışlar və xalq mahnıları ifa olunub.
Qeyd edək ki, “Qarabağ Azərbayacan” Kültür Dərnəyi 2011-ci il noyabrın 19-da fəaliyyətə başlayıb. Təşkilatın yaranmasında əsas məqsəd İsveçin Höteborq şəhərində yaşayan soydaşlarımız arasında mədəniyyətimizi, tariximizi, dilimizi, yaşatmaq və təbliğ edib həmrəyliyə nail olmaqdır. Xüsusilə dərnəyin əsas fəaliyyət istiqaməti Qarabağ həqiqətlərini daha da sıx təbliğ edib yerli əhalinin münaqişənin mahiyyəti haqqında məlumatlandırılması olacaq.
Finlandiyada isə Finlandiya Azərbaycan Assosiasiyasi (FAA) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirib. Tədbirdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin, türk, rus və digər xalqların diaspor təşkilatlarının təmsilçiləri və Finlandiya hökumətinin nümayəndələri də iştirak edib. FAA-nın sədri Vasif Muradlı 31dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qonaqlara geniş məlumat verib və Azərbaycan xalqını bu bayram munasibətilə təbrik edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarına ünvanladıgı müraciəti oxunub. Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədr müavini Gülzar İsmayıl tədbirdə çıxış edərək, azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib.
Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları Dünya Azərbaycanlıları Həmrəylik Günü və Yeni İl münasibəti ilə də təbrik edərək məlumat verib ki, FAA-nın təşəbbüsü ilə Finlandiyada Azərbaycanı daha da yaxından tanıtmaq üçün 2012-ci ildə Finlandiyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Yanvardan dekabrın sonunadək tədbirlərin siyahısı qonaqların nəzərinə çatdırılıb.
FAA-nin mədəniyyət və musiqi işlər müdiri Ülviyyə Cabbarovanın hazırladığı əyləncəli musiqili bayram proqramı qonaqların ürəyincə olub. Daha sonra qonaqlar bayram süfrəsinə dəvət olunub.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment