Londonda “Azad Gecə” keçirilib
Azərbaycanlı Vətəndaşların Avropa Forumu (FACE) tərəfindən təşkil edilən tədbirdə Londonda təhsil alan azərbaycanlı dissident Emin Milli çıxış edib
O, ərəb inqilablarından və hal-hazırda Rusiyada baş verən siyasi proseslərdən danışıb və bütün bu proseslərin Azərbaycan üçün əhəmiyyətini qeyd edib. O, Azərbaycanda avtoriter rejimin sonsuza qədər mövcud olacağına inanmadığını bildirib və hər kəsin bacardığı vasitələrlə neqativ proseslərə qarşı və müsbət dəyişiklik uğrunda mübarizəsinin vacib olduğunu söyləyib. Milli, dəyişikliklər üçün cavabdehliyin hansısa abstrakt qüvvələrdə axtarılmasının yalnış olduğunu vurğulayıb və qeyd edib ki, hər kəs özünə sual verməlidir ki, mən Azərbaycanda demokratiyanın və qanunun aliliyinin bərqərar olması üçün nə edirəm.
Eyni zamanda o, prosesin təkcə bir ölkənin daxili problemi deyil, qlobal bir məsələ olduğunu, bütün dünya üçün maraqlı olduğunu, bunun üçün də imkanların geniş olduğunu düşünməyin gərəkliliyini söyləyib.
Daha sonra görüşdə sual-cavab və müzakirələr aparılıb. Azərbaycandakı hakimiyyətindən islahatlar gözləməyin doğru olub-olmaması, Avropa Şurasından hansısa dəstəyin mümkünlüyü barədə suala cavabında Emin Milli bildirib ki, hansısa dəyişikliyin baş verməsinin qısa bir zamanda mümkünlüyünü gözləməkdənsə, buna bir uzun proses kimi baxmaq doğru olardı. O, bir sıra Latın Amerikası və Şərq dövlətlərində baş vermiş prosesləri misal olaraq çəkib. O həmçinin indiki mübarizənin sadəcə siyasi deyil, mənəvi mübarizə olduğuna inandığını qeyd edib. Bildirib ki, hər kəsin istəyi azad ölkədə, azad sözün olduğu ölkədə yaşamaqdır.
Misirdəki inqilabda Amerikanın əli olmasına inananların olduğu barədə sualı Emin Milli savadsız insanların yanaşması kimi dəyərləndirib. O, Amerikanın öz dəstəklədiyi hakimiyyəti vurmasının gülünc olduğunu bildirib. “Biz öz ölkəmizdə azadlığı ona görə istəmirik ki bunu Qərb istəyir. Bu bizim özümüzə lazımdır.”
Bu yanaşmaya Britaniyada yaşayan siyasi fəal Murad Həsənli də münasibətini bildirib. O, bu cür sualların yaranmasına səbəbin məlumatsızlıq olduğunu bildirib. “Belə konspirasiya nəzəriyyələrinin yaranmasına səbəb ölkədə azad mətbuatın olmamasıdır.” O, həmçinin ölkədə sosial dəyişikliklərlə yanaşı, həm də siyasi mübarizənin də gərkli olduğunu bildirib. Murad Həsənli Britaniyada fəaliyyətə başlayan Azərbaycan Demokratik Assosiasiyasının (ADA) məhz siyasi dəyişikliklər uğrunda mübarizə apardığını qeyd edib.
Görüşdə Azərbaycandakı siyasi məhbuslar mövzusu da müzakirə edilib və avtoritar rejimlərdə əslində heç kimin həyatına qarantiyanın olmadığı qeyd olunub. Murad Həsənli vaxtilə Azərbaycanda hansısa siyasi-ictimai təkamülün baş verəcəyinə inandığını, hətta bunun üçün fəaliyyət göstərdiyini də bildirib, lakin zamanın bunun mümkünsüz olduğunu göstərdiyini vurğulayıb. “Avropa Şurasına üzv olduq, bu nəyi dəyişdi?”
Daha sonra Dağlıq Qarabağ savaşı barədə danışan Murad Həsənli, Ermənistan və Azərbaycan hakimiyyətlərinin bu problemi həll edəcəklərinə inanmadığını bildirib. “İndi gərək Azərbaycan və Ermənistan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları vasitəsilə üz-üzə gəlib, danışıqlara başlasınlar.”
Qeyd edək ki, tədbirə Londondakı azərbaycan icmasının nümayəndələri ilə yanaşı, “Amnesty İnternational” təşkilatının təmsilçiləri də qatılıb.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment